Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı – XX əsrdə Ermənistanın Azərbaycana qarşı beynəlxalq cinayətlərinin tərkib hissəsidir

Bakı, 26 fevral, AZƏRTAC

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub.

Məlum olduğu kimi, bütün dövrlərdə Azərbaycanın əzəli torpaqları olan Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdır. Hələ ermənilərin ərazi iddiaları başlamazdan əvvəl 1984-cü ildə Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın İrəvanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistandan azərbaycanlıların məqsədli şəkildə qovulması və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsini ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Xocalı soyqırımı – XX əsrdə Ermənistanın Azərbaycana qarşı beynəlxalq cinayətlərinin tərkib hissəsidir” sərlövhəli məqaləsini təqdim edir.

XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü

1985-ci ilin martında M.S.Qorbaçovun Sov. İKP MK Baş katibi seçilməsindən sonra Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. XX əsrin 80-ci illərinin ikinci yarısında yaranmış vəziyyətdən istifadə edərək ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

1987-ci il oktyabrın 21-də Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı. Bununla yanaşı, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi - Yerevanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, Azərbaycana qarşı ərazi iddiaları genişlənmişdi.

1988-ci il fevralın 22-də Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu. 30 il ermənilərin uydurduğu kimi yox, ilk qanı da Yuxarı Qarabağda dinc insanlara qarşı məhz ermənilər tökdülər.

Eyni zamanda, 1988-ci ilin sonunda Ermənistanda genişmiqyaslı etnik təmizləmə – azərbaycanlıları tarixən yaşadıqları torpaqlardan təmizləmək cinayətini həyata keçirdilər. Belə ki, keçmiş SSRİ rəhbərliyinin himayəsi ilə Ermənistan tərəfindən 1988-1989-cu illərdə azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldıldı. 1991-ci il avqustun 8-də Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi olan Nüvədidən də azərbaycanlılar zorakılıqla qovuldu. Ümumiyyətlə, həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində indiki Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təxminən 250 mindən çox azərbaycanlı tarixi torpaqlarından təcavüzə məruz qalaraq qovuldular.

1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Ermənistanın bu hərbi təcavüzü nəticəsində 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Xocavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz yandırıldı, dağıdıldı və talan edildi. Minlərlə mülki əhali isə soyqırımı və təcavüzə məruz qalaraq doğma yurdlarından didərgin düşdü. Ümumilikdə 1988-1991-ci illər ərzində Yuxarı Qarabağda ermənilər tərəfindən 514 nəfər azərbaycanlı qətlə yetirilmiş, 1318 nəfər yaralanmışdı.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevralın 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu, əhalisi etnik təmizləmə və soyqırımına məruz qaldı.

1992-ci il fevralın 13-17-də isə erməni silahlı dəstələrinin və terror qruplarının Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırıblar. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək hamının gözü qarşısında güllələnib. Daha sonra 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetiriblər. Ümumilikdə Qaradağlı kəndində qətlə yetirilənlərdən 20-si 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olub. Ümumilikdə əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. XX əsrin sonunda qəddarlığı ilə seçilən Qaradağlı soyqırımı artıq Xocalıya gedən yolun başlanğıcı idi.

Xocalının tarixi, strateji əhəmiyyəti və ermənilərin soyqırımı cinayətləri

Qədim Xocalı ərazisi e.ə. XIV-VII əsrlərə (son tunc - ilk dəmir dövrü) aid Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələri ilə tanınmışdır. Xocalı şəhəri XVI - XVII əsrlərdə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində olmuşdur. Xocalı yaxınlığındakı Əsgəran qalası Qarabağ xanlığının banisi Pənahəli xanın dövründə inşa edilmişdir (1749-cu il). Xocalı rayonu şimalda və şimal-şərqdə Ağdam rayonu, şimal-qərbdə Kəlbəcər və qərbdə Laçın rayonları, cənubda Şuşa, cənub-qərbdə isə Xocavənd rayonu ilə həmsərhəddir.

Qeyd etmək lazımdır ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.

Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi.

Otuz iki il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilmiş bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər qətlə yetirildi ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 155 nəfərin taleyi indiyə kimi naməlumdur.

Xocalı soyqırımı ilə bağlı yaradılmış istintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın keçmiş müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevgeni Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.

Bununla yanaşı, 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi.

Xocalı soyqırımını təsdiq edən sənədlər və xarici mətbuatın əsaslı faktları Sovet dövründə Dağlıq Qarabağda yerləşdirilmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuş Vladimir Savelyevin məxfi arayışı xüsusi maraq kəsb edir. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə “Məxfi arayış”ı təqdim edib. O, son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərmişdir.

Arayışda bildirilir ki, ASALA 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış ASALA erməni terrorçu təşkilatının bir qrup üzvü – 26 nəfərlik dəstə, mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə təşrif gətirmişdi. Onlar başlı-başına buraxılmış 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdilər. Polkovnik Yevgeni Zarviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etmişdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri, general-mayor Boris Budeykin polkovnik Zarviqarovu buna görə ittiham da edib. Dördüncü ordu komandanlığı qarşısında onun “zabit şərəfinə xəyanəti” üstündə azad olunmasını, qovulmasını tələb edib. Lakin bütün bu ittiham və tələblərə baxan yox idi. Çünki qanunlar artıq işləmirdi.

Polkovnik V.Savelyev tarixi arayışında daha sonra yazır: “Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Arayışda qeyd edilir ki, Polkovnik Zarviqarov və başqa vəzifəli şəxslər isə ermənilərə cavab atəşini açan döyüş nöqtələrinin susdurulması barədə ordu və dairə komandanlığının rəsmi icazəsi ilə 366-cı alayın Xocalı istiqamətində gedən əməliyyatlarında ermənilərlə birləşdi. Nəticədə, bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələnmişdi. Qərargah rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa əsasən, birinci motoatıcı batalyonun komandiri polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri Seyran Ohanyan və digər zabitlər Xankəndinin atəşə tutulmasında, 58 dinc azərbaycanlının öldürülməsində iştirak etmişdilər.

Polkovnik V.Savelyev xatırladır: “Ermənilər ruslara məxsus “02-19–MM” nömrəli “KamAZ”la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim.

Dəhşət ondadır ki, ermənilər törətdikləri beynəlxalq cinayətləri azərbaycanlıların üstünə atmaqdan da yan keçmirdilər. Bu, yəqin ki, gələcəyə hesablanmışdı. Polkovnik V.Savelyev diqqətə çatdırır ki, Xocalı faciəsini “işıqlandırmaq” (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın 32 ölkəsindən 47 nəfər erməni jurnalist gəlmişdi. Onların bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı. Dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: guya “Azərbaycanlılar günahsız erməniləri qırırlar”. (?)

Beləliklə, fevral ayının 25-dən 26-na keçən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə dinc sakinlərə qarşı sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev “Məxfi arayış”ında bu barədə qeyd etmişdir: “Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. “Böyük Ermənistan” adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir”.

Bununla yanaşı, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında da 366-cı alaydakı hərbi texnika və silahların ermənilərə verilməsi və bu alayın tərkibində ermənilərin olması haqqında faktlar vardır: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.

Polkovnik V.Savelyev bildirir ki, Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran da elə İvan Moiseyevin batalyonu olmuşdur: “Bu batalyon ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi tanınıb. Tədqiqat zamanı 02270 saylı hərbi hissənin əks-kəşfiyyatının materiallarından aydın olur ki, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronejilet, 11 ton konservləşdirilmiş yemək, 1200 cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanılmışdı”.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 1992-ci il 14 mart tarixli nömrəsində ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.

Polkovnik V.Savelyev tarixi arayışındakı faktlar da oxşar fikirləri təsdiq edir. O, daha sonra yazır: Birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan, mayor Q.Nabokix və kapitan İ.Lixodey hərbi əməliyyatlarda bilavasitə vuruşublar. Zabit İ.Karabelnikovun məlumatına görə, A.Çitçiyan 13 nəfərlik “Babayevlər ailəsini güllədən keçirib”. Ona 1993-cü ildə Fransa erməni diasporu tərəfindən 150 min ABŞ dolları mükafat və ən böyük “Kilsə mükafatı” verilib. A.Çitçiyan 1994-cü il sentyabr ayının 2-də Fransaya mühacirət edib və orada yaşayır.

Bundan əlavə, Fransanın “Le Mond” qəzetində 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”.

Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya genişmiqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.

Bütün bunlarla yanaşı, Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer alıb. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapıb: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”.

Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında, hətta dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür”. “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır.

Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı beynəlxalq cinayətləri

Ermənistan silahlı birləşmələri Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.

Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

Qeyd etmək lazımdır ki, Xocalı soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməlidir. Xocalıda öldürülən 613 nəfər dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmışdır.

Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya etmiş, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir. Qeyd etmək lazımdır ki, Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir və bu soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməli, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

30 ildən artıq davam edən və bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək, 44 gün ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olmuş, onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlardır, 400 nəfərdən çox, o cümlədən 100-dən artıq qadın və 30-dan çox uşaq isə yaralanmışdır.

Xocalı soyqırımının dünyaya çatdırılması və beynəlxalq aləmdə soyqırımı aktı kimi daha geniş tanınması

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.

Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Bununla yanaşı, 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından bu kampaniyaya start verilmişdir.

Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, ABŞ-ın 25-dən çox ştatının, 15-dək çox ölkənin qanunverici orqanı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən sənədlərdə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmış və bu proses davam edir.

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi: ərazi bütövlüyü, suverenlik və tarixi ədalətin bərpası

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtmış oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Nəticədə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bugünkü Azərbaycanın, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasında olduğunu, həmçinin bu gün ölkə qarşısında duran yeni vəzifələrin yeni dövrün vəzifələri olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd edərək müasir tariximizin yeni dövrünün də məhz sentyabrın 20-dən (2023-cü il – E.Ə.) sonra başladığını diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.

Prezident İlham Əliyev hələ 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirmişdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”. Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.

Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə Zəfər və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu mühüm tarixi hadisənin əhəmiyyətini xüsusi vurğuladı: “Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”. Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.

1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu birinci nömrəli vəzifə idi. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident İlham Əliyev demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər