Xocalı soyqırımı bəşəriyyətə qarşı qanlı cinayət aktıdır
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
ADMİU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin prorektoru, professor Rafiq Sadıqov Xocalı qətliamından, faciənin başvermə səbəblərindən, erməni vandallarının tarixdə bənzəri olmayan vəhşiliyindən danışmışdır.
Bildirilmişdir ki, Azərbaycanın müasir tarixində heç vaxt unudulmayacaq, xalqın şüurunda dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən faciəli hadisələr vardır. Erməni faşizminin xislətini, gerçək mahiyyətini bütün çılpaqlığı ilə açıb göstərən Xocalı soyqırımı da heç zaman xalqın qan yaddaşından silinməyəcək dəhşətli hadisələrdəndir. İyirmi bir il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bu cür amansız cinayətə rəvac vermiş erməni qatilləri dünyanın ən əzazil, qəddar və qaniçən milləti olduğunu, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.
Tədbirdə professor Nizaməddin Şəmsizadə Xocalı soyqırımının dağılan imperiyanın - SSRİ-nin bizə vurduğu son və ağır zərbə olduğunu qeyd etmişdir. Keçmiş sovet məkanına daxil olan respublikalar arasında imperiyanın təsirindən qopmağın ən şiddətli ağrısını Azərbaycan yaşamışdır. Azadlığı, müstəqilliyi uğrunda ayağa qalxmış və ruhən yenilməz bir xalqın qarşısında məğlub olmuş imperiya Xocalıda son inadını göstərmişdir.
Xocalı faciəsinin dünyada tanınması üçün ilk təşəbbüsün məhz ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini qeyd edən N.Şəmsizadə hazırda Prezident İlham Əliyevin, ölkəmizin xaricdəki diplomatik korpuslarının və diaspor təşkilatlarının məqsədyönlü, ardıcıl fəaliyyəti nəticəsində bir çox dövlətlərin parlamentlərinin Xocalı qətliamını soyqırımı kimi tanıdığını və pislədiyini diqqətə çatdırmışdır. Xalqın qan yaddaşında dərin kök salmış Xocalı faciəsinin dünya birliyi tərəfindən tanınmasının vacibliyi vurğulanmışdır.
Digər çıxış edənlər də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələrinin Xocalı soyqırımı ilə bağlı əsl həqiqətlərlə tanış olduğunu bildirmişlər.
Tədbirdə dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirdiyi, bu istiqamətdə yorulmadan fəaliyyət göstərən Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd olunmuşdur. Fondun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə müdhiş Xocalı faciəsini əks etdirən kadrlar və erməni vandalizminin qurbanlarından biri - şəhid rəssam Fuad Əsədovun şərəfli döyüş yolunu işıqlandıran “Yarımçıq gündəlik” sənədli filmi nümayiş olunmuşdur.