Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən ən ağır cinayətdir
Bakı, 25 fevral, P.İmanova, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov respublikamızda və dünyanın bir çox ölkələrində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr edilən müxtəlif tədbirilərn keçirildiyini söyləyib.
Rektor faciənin acı nəticələrindən və başvermə səbəblərindən danışıb, həmin dövrün ictimai-siyasi vəziyyətini təhlil edib, tarixi sənədlərə əsasən soyqırımı ilə bağlı faktları diqqətə çatdırıb.
Qeyd edilib ki, Xocalı faciəsi işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyinin dəhşətlərini bütün çılpaqlığı ilə üzə çıxardı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayətə dövlət səviyyəsində qiymət verilib, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılıb. Artıq bir neçə ildir ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor təşkilatları Xocalı faciəsi barədə həqiqətləri tam aydınlığı ilə, mütəmadi dünya ictimaiyyətinin nəzərinə çatdırır. “Xocalıya ədalət!” kampaniyası xarici ölkələrdə xüsusilə geniş əks-səda doğurub. Dünyanın bir çox ölkəsi Xocalı faciəsini soyqırımı kimi qəbul edib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə şəhid olan xocalılıları yad etmək hər birimizin mənəvi borcudur və bu istiqamətdə sosial şəbəkələrdə gənclərimiz xüsusi fəallıq göstərməlidirlər.
Digər çıxış edənlər ermənilərin Xocalıda törətdikləri bu soyqırımının bəşəriyyətə qarşı ən ağır cinayət olduğunu söyləyiblər.
Tədbirdə Xocalı faciəsinə həsr olunan sərgi və film nümayiş olunub, tələbələr ədəbi-bədii kompozisiya təqdim ediblər.