Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir
Bakı, 24 fevral, Tərgül Ağayeva, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Havar Məmmədov təpədən-dırnağadək silahlanmış erməni quldurlarının Xocalıda törətdikləri qırğınlardan danışıb.
H.Məmmədov bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Xocalıdakı insanlar yalnız etnik mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına görə vəhşicəsinə öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Çox yaxşı haldır ki, Azərbaycan Xocalı faciəsini dünya ölkələrində təbliğ etməyi bacarır. Bu hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə azərbaycanlılar xüsusi təbliğat işləri aparırlar.
Tökülən günahsız qanların yerdə qalmayacağını diqqətə çatdıran rektor gəncləri Vətən yolunda həmişə mərd və mübariz olmağa çağırıb.
Universitetin fəlsəfə və politologiya kafedrasının müdiri Əyyub Kərimovun “Xocalı soyqırımı bəşəriyyətə qarşı ən dəhşətli cinayətdir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə XX əsrin bu dəhşətli faciəsi və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilən genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilib, evlər yandırılıb, şəhər yerlə-yeksan edilib. Bildirilib ki, Azərbaycanın o vaxtkı rəhbərliyi silahlı hərbi birləşmələrlə, erməni millətçi separatçıları ilə qeyri-bərabər döyüşdə Xocalı əhalisinə nəinki heç bir kömək göstərməyib, hətta bu cinayət barədə məlumat belə yaymayıb. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayətə dövlət səviyyəsində qiymət verilib, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılıb.
Bakıdakı 2 nömrəli Xocalı məktəbinin müəllimi Səbuhi Əbdülov şahidi olduğu dəhşətli hadisələrdən danışıb.
Sonda tələbələr faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.