Xocalı soyqırımı uşaqların gözü ilə
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Bakı Rəsm Qalereyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbiri açaraq, Xocalı soyqırımının dəhşətlərindən danışıb. O vurğulayıb ki, bu faciənin günahsız qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq. Raqif Abbasov işğal olunmuş torpaqların tezliklə azad olunacağına əminliyini ifadə edib.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyev müsabiqə iştirakçılarının yaradıcılığını yüksək qiymətləndirərək vurğulayıblar ki, gənc rəssamlar öz əsərləri ilə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verirlər.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Birinci yeri Mirəhməd Musayev, ikinci yeri Günay Mazanova, üçüncü yeri isə Fidan Rzazadə tutublar. Müsabiqənin bir sıra iştirakçıları xüsusi fərmanlara layiq görülüblər.