Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç zaman silinməyəcək
Bakı, 24 fevral, İbrahim Əsədov, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı elmi-praktiki konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi yad olunub.
AZƏRTAC xəbər verir ki, konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov məkrli erməni qəddarlığından danışıb. Vurğulanıb ki, düşmənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı qan yaddaşımızdan heç zaman silinməyəcək. O gecə Xocalıda günahsız insanlar - qadınlar, uşaqlar, qocalar, gənclər xüsusi amansızlıqla qanlarına qəltan ediliblər.
Xocalı qırğınının bütün insanlığa qarşı törədildiyini bildirən rektor bu dəhşətli cinayətə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymətin verildiyini diqqətə çatdırıb.
Akademik U.Ələkbərov Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu soyqırımın dünyada tanıdılması üçün reallaşdırılan tədbirlərin önəmini vurğulayıb.
Ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad ediləcəyinə inamını bildirən rektor, eyni zamanda, tarixin nəsillər üçün ibrət dərsi olduğunu xatırladıb.
DİA-nın tarix kafedrasını müdiri, dosent Firdovsiyyə Əhmədova və digər çıxış edənlər erməni terrorizminin bütün bəşəriyyət üçün təhlükəli olduğunu bildiriblər.