Xocalı soyqırımı XX əsrin ən böyük vəhşiliklərindən və hərbi cinayətlərindən biridir
Bakı, 24 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirib.
Gənclər birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəlcə fiziki qüsurlu gənclərin Xocalı faciəsi ilə bağlı çəkdiyi rəsm əsərlərindən ibarət sərgiyə baxış olub, daha sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə iştirak edən Xocalı sakini, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin dəstəsində döyüşən Nazim Hüseynov ermənilər tərəfindən Azərbaycana qarşı törədilən terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı soyqırımı barədə danışıb.
Bildirilib ki, Xocalı soyqırımı XX əsrin ən böyük vəhşiliklərindən və hərbi cinayətlərindən biridir. Soyqırımının dünyada rəsmən tanıdılması üçün işlərin genişləndirilməsi və sürətləndirilməsi vacibdir. O, gənclərimizi tariximizə sahib çıxmağa, sosial şəbəkələrdə fəal olmağa çağıran və qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasının vacibliyini vurğulayıb.
Sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş olunub, “Xocalıya ədalət” adı altında fləşmob keçirilib.