Xocalı soyqırımı yaddaşlarımızda daim yaşayacaqdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, institutun gənc alimlər şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, professor Mirzə Mövsümzadə Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı cinayət olduğunu söyləmişdir. O, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin Azərbaycanın tarixindən heç vaxt silinməyəcəyini, yaddaşımızda daim yaşayacağını vurğulamışdır.
Sonra institutun gənc alimlər şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev “Xocalı soyqırımı həqiqətlərinin təbliğində gənc alimlərin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Diqqətə çatdırılmışdır ki, Xocalı soyqırımı reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənc alimlərin rolu artırılmalıdır.
Tədbirdə institutun laboratoriya müdiri Həqiqət Cavadova qeyd etmişdir ki, bu bəşəri cinayət yalnız ildönümlərində qeyd edilməməli, xarici ölkələrdə və respublika daxilində beynəlxalq səviyyədə keçirilən konfranslarda, simpoziumlarda Xocalı soyqırımına, Qarabağ həqiqətlərinə xüsusi yer verilməlidir.
Sonda Xocalı şəhərinin işğalından sonra fransız fotoqraf tərəfindən çəkilmiş ən son görüntülərin fotoları nümayiş etdirilmişdir.