Xocalı soyqırımını törədənlər öz layiqli cəzalarına çatmalıdırlar
Ağsu, 26 fevral (AZƏRTAC). Ağsudakı “Qəhrəmanlıq kompleksi”ndə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, böyük izdihamın toplaşdığı kompleksdə günahsız qurbanların xatirəsinə dualar oxunmuş, “Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir” mövzusunda məruzə, habelə çıxışlar dinlənilmişdir.
Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri Xocalıda görünməmiş vəhşiliklər törətmişlər. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının yardımı ilə şəhəri yandırıb külə döndərən erməni silahlıları 613 nəfəri, o cümlədən uşaqları, qadınları, qocaları qətlə yetirmiş, 487 nəfəri işgəncələrlə şikəst etmiş, 1275 nəfəri əsir götürmüş, 150 nəfər itkin düşmüşdür.
Xocalı soyqırımını törədənlərin öz layiqli cəzalarına çatmalarının haqq işi olduğunu və artıq bunun vaxtının çatdığını vurğulayan natiqlər Prezident İlham Əliyevin rəhbərliyi və gərgin səyi ilə ölkəmizin sosial-iqtisadi və hərbi qüdrətinin sürətlə yüksəlməsindən fərəh duyduqlarını bildirmişlər.
Qeyd edilmişdir ki, məhz aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, dünya ictimaiyyəti artıq Xocalı həqiqətlərinin əsl mahiyyətini başa düşür.
Anma mərasimində beynəlxalq təşkilatlara müraciət qəbul edilmişdir.
İştirakçılar torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə salınmış abidənin önünə təzə-tər çiçəklər qoymuş, onların əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra rayon rəhbərləri Xocalı şəhərindən didərgin düşmüş və hazırda Ağsuda məskunlaşmış 14 ailəyə baş çəkmiş, onlara maddi yardım göstərilmişdir.