Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Almaniyanın Bielefeld şəhərində yürüş-mitinq keçirilmişdir
Bielefeld, 2 mart (AZƏRTAC). Bielefeld şəhərində İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş izdihamlı yürüş-mitinq keçirilmişdir.
Mitinqdə Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin, Azərbaycan-Türk Dərnəyinin, Atatürk Düşüncə Dərnəyinin, çoxsaylı ictimai-siyasi təşkilatların nümayəndələri, Bielefeld, Hannover, Hamburq və AFR-in digər şəhərlərindən gəlmiş həmyerlilərimiz, türkiyəli soydaşlarımız, iş adamları, ictimai-siyasi xadimlər və almaniyalı dostlar iştirak etmişlər.
Tədbirin təşkilatçısı Nordrhein-Westfalen federal əyalətindəki Azərbaycan diasporunun nümayəndəsi Təranə Tağıyeva tədbiri açaraq 20 il əvvəl Xocalı şəhərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı və azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı barədə məlumat vermişdir.
Sonra Hannover şəhərindəki “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha genişmiqyaslı işlərin görülməsinin vacibliyindən danışmış, həmyerlilərimizi bu işdə daha fəal olmağa çağırmışdır. Yürüşdə azərbaycanlı rəssam Eldar Cabbarlının Xocalı mövzusunda yaratdığı bədii əsər də nümayiş etdirilmişdir.
Daha sonra iştirakçılar Bielefeld şəhərinin mərkəzi küçələrindən keçərək Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını və erməni qəsbkarlarının Qarabağı tərk etmələrini tələb etmişlər. Azərbaycan və türk bayraqlarının dalğalandığı bu yürüş zamanı şəhər sakinlərinə soyqırımına dair əyani vəsaitlər, broşürlər və digər məlumat kitabçaları paylanmışdır.
Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri meqafon vasitəsilə sakinlərə və şəhərin qonaqlarına Xocalı faciəsi haqda məlumat vermiş, onları yürüşün məqsədi və mahiyyəti ilə tanış etmişlər.
Yürüş kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Tədbirin təşkilatçısı Təranə Tağıyeva gələn il Xocalı soyqırımı ilə əlaqədar Bielefeld şəhərində yürüşün keçirilməsi barədə məlumat vermiş və hamını həmin yürüşdə mütəşəkkil şəkildə iştirak etməyə çağırmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Bielefeld