Xocalı soyqırımının 30-cu ildönümü Qırğızıstanda qeyd olunub
Bişkek, 24 fevral, AZƏRTAC
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşkilatçılığı ilə Qırğızıstanın Bişkek şəhərindəki Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin (MKS) baş ofisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bişkekdəki ali məktəblərin tələbələri, Azərbaycan diasporunun fəalları və kitabxananın oxucuları iştirak ediblər.
TDSDF-nin prezidenti Nüsrət Məmmədov iştirakçılara insanlığa qarşı törədilmiş dəhşətli cinayət olan Xocalı faciəsi haqqında məlumat verib. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşüb. O, bu vəhşiliklərin cavabsız qalmayacağını, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.
MKS-in direktoru Gülsayra Dandıbayeva Xocalı soyqırımı haqqında geniş məlumat verib. O, Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirildiyini deyib, XX əsrin sonunda belə bir qanlı qırğının törədilməsinə öz etirazını bildirib.
Daha sonra Vahid Mustafayev Fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilərək dublyaj olunmuş “Xoca” filmi nümayiş etdirilib. Filmi tədbir iştirakçıları göz yaşları ilə izləyiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek