CƏMİYYƏT
Xocasən qəsəbəsində Bakı-Şamaxı yolunun kənarında 500-dən çox eldar şamı əkilib
Bakı, 27 noyabr, AZƏRTAC
Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Xocasən qəsəbəsində Bakı-Şamaxı yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada Türkiyənin Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi, eləcə də Kayseri Gənclik Mərkəzinin nümayəndələri də iştirak ediblər.
Aksiya iştirakçılarına və qonaqlara “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə məlumat verilərək bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib və bu aksiya da onlardan biridir. Ölkə Prezidenti İlham Əliyevin böyük diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi üçün rayonda uğurla işlər görülür.
Aksiya zamanı ümumilikdə 500-dən çox eldar şamı əkilib.