Xocavənd rayonunda 47 adda bitki və 19 adda ağac nümunələrini ermənilər məhv etmişlər
Bakı, 3 oktyabr (AZƏRTAC). Sahəsi 145 min 647 hektar olan Xocavənd rayonunun işğalından 19 il ötür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın qədim yaşayış məskəni Xocavənd 1992-ci il oktyabrın 2-də erməni silahlı birləşmələri tərəfindən zəbt edilmişdir. Nəticədə rayonun, ehtiyatları 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, proqnoz ehtiyatları gündə 90,33 min kubmetr olan yeraltı şirin su yataqları ermənilərin əlinə keçmişdir.
Bundan başqa, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində təbiət abidəsi kimi qorunan min və iki min yaşlı Şərq çinarları, Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına düşmüş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, 100-dən artıq yaşı olan azat ağacları məhv edilmişdir.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları, Xocaşın çayının ətrafındakı təbii meşəlik, habelə rayonun Kurapatkin adlanan ərazisindəki əncir, tut, nar, fısdıq, yemişan, palıd, qarağac və digər növdən ağaclar (6 min hektar) ermənilər tərəfindən qırılaraq daşınmışdır.
ETSN-in “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”inin əldə etdiyi məlumatlara görə, rayon ərazisi mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar doğranaraq Ermənistana aparılır və digər ölkələrə satılır.
Ermənilərin əməlləri sayəsində Xocavənd rayonunda 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olmuşdur.