XOCAVƏNDLİLƏR 2005-Cİ İLİN YEKUNLARINI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
Müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov 2005-ci ildə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq ötən il rayonun iqtisadi, ictimai, sosial və mədəni həyatında qazanılmış nailiyyətlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf xətti ötən illərdə olduğu kimi, 2005-ci ildə də Xocavənd rayonunda müvəffəqiyyətlə həyata keçirilmişdir. Rayonda mövcud 13 təsərrüfatda əmlakın özəlləşdirilməsi başa çatdırılmış, məcburi köçkünlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün 17.729 hektar torpaq sahəsi ayrılmışdır. Ötən il rayon üzrə 3643 ton taxıl, 533 ton bostan-tərəvəz məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illərdəkindən xeyli çoxdur. Qaramalın 3.207 başa, davarın sayı 34.010 başa çatdırılmışdır. İl ərzində 6,7 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Rayonda əhalinin məşğulluğunun təmin edilməsi sahəsində də uğurlu tədbirlər həyata keçirilmişdir.
2005-ci ildə əhalinin sosial problemlərinin həllinə diqqət artırılmışdır. “Yeni Xocavənd” qəsəbəsində mərkəzi xəstəxana üçün 10 otaqdan ibarət bina tikilib istifadəyə verilmişdir. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı rayonda əhalinin yaşayışının yaxşılaşdırılmasına lazımi şərait yaratmışdır. “Yeni Xocavənd”, “Yeni Tuğ” qəsəbələrində subartezian quyuları qazılmış, məktəblər, səhiyyə ocaqları, digər obyektlər istifadəyə verilmişdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərinə 256 ədəd məktəbli çantası, 1560 ədəd məktəb ləvazimatı hədiyyə olunmuşdur.
Müşavirədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək ölkəmizdə həyata keçirilən islahatlardan, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizin Prezidenti İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların əhəmiyyətindən, respublikamıza göstərilən humanitar yardımlardan danışmışdır.
Yığıncaqda icra hakimiyyətinin Muğanlı kəndi üzrə nümayəndəsi Allahverdi Gülmalıyev, Salakətin kənd orta məktəbinin müəllimi Gültəkin Ağayeva, fermer Ağamirzə Həsənov, rayon qadınlar şurasının sədri Lyudmila Həsənova, “Yeni Xocavənd” qəsəbəsinin sakini Əkbər Bəhrəmov, rayon gənclər təşkilatının sədri Jalə Quliyeva, maliyyə şöbəsinin müdiri Fəyyaz Azadov və başqaları çıxış edərək 2005-ci ildə görülən işlərdən, yol verilmiş nöqsanlardan danışmışlar.
Hesabat yığıncağında müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.
Yığıncaqda ölkəmizin Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Müşavirənin işində Prezidentin İcra Aparatının məsul işçisi Rövşən Ağayev iştirak etmişdir.