XRİTDX-nin nümayəndə heyəti Qlobal Kibertəhlükəsizlik Konfransında iştirak edib
Bakı, 16 mart, AZƏRTAC
Cari ilin 14 -16 mart tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində GISEC Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov “İnformasiya təhlükəsizliyinin təkamülü - saxta domenlərin monitorinqi” təqdimati ilə çıxış edib.
XRİTDX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimatda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün texnologiya, üsul və vasitələrin keçdiyi təkamül yolu, eləcədə XRİTDX-nin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT.gov.az) saxta domen təhdidləri ilə mübarizə təcrübəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin davamında XRİTDX-nin nümayəndəsi “Kiberməkan və geopolitika: Kiberrisklərin azaldılmasına sistematik yanaşma” mövzulu panel müzakirəsində iştirak edib.
Ümumilikdə 120 ölkədən 500-dən çox kibertəhlükəsizlik şirkətinin iştirak etdiyi konfrans və sərgidə Xidmətin nümayəndə heyəti sahə üzrə müxtəlif məlumatlar və məruzələr ilə tanış olub, aparıcı şirkətlərin nümayəndələri ilə görüşlər keçirib, yeni texnoloji həllərin tətbiqi istiqamətləri ilə bağlı müzakirələr aparıblar.