Xurşidbanu Natəvanın poeziyası və “Məclisi-üns”ün ədəbi mühiti
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan silsilə yazıları davam etdirir – II yazı
Bakı, 23 iyul, AZƏRTAC
Xurşidbanu Natəvanın özünəməxsus üslubda yazdığı əsərlər uzun müddət ədəbi məclislər üçün aktual mövzu olub və şeir sənətində sadəliyə, məna dərinliyinə, məzmun gözəlliyinə doğru meyil oyadıb. Ədəbiyyatşünaslardan Firidun bəy Köçərli, Hənifə Zeynallı və Feyzulla Qasımzadənin yazılarından bəlli olur ki, Xurşidbanu ədəbi məlumatının genişliyi, mütaliəsi və şeirlərinin bədii keyfiyyəti ilə məclis üzvlərindən fərqlənib. H.Zeynallının dediyi kimi, şairlər bu üstün cəhəti nəzərə alaraq, hər vaxt Şirvandan gələn qəzəllərə və Qarabağda yazılan nəzirələrə qiymət verərkən Natəvanın rəyilə hesablaşıblar.
Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə ön söz yazıb redaktə etdiyi "Xurşidbanu Natəvan" kitabında şairənin və "Məclisi-üns" ədəbi məclisinin yaranması ilə bağlı müxtəlif maraqlı məlumatlar yer alır.
AZƏRTAC həmin məlumatları təqdim edir.
Natəvanın zahirən sadə görünən, lakin məna və ifadə gözəlliyinə malik olan səmimi şeirləri bir çox müasirlərinin zövq və ilhamına istiqamət verib. Həm də o öz şeirlərini yüksək ədəbi ənənələr, yeni keyfiyyətli mövzular əsasında qurmağı bacardığından məclis üzvlərini də öz arxasınca apara bilib. Xurşidbanunun müasirlərindən Nəvvab, Fəna, Agah və Həsən bəzən şeirlərində ərəb-fars kəlmələrinə üstünlük verdikləri halda, Natəvan şeirin bədii gözəlliyini hifz etməklə bərabər, ana dilinin saflığına, səlisliyinə və sadəliyinə də xüsusi diqqət yetirib:
Vaxtında sən aşinalıq etdin,
döndün, belə bivəfalıq etdin.
Təqsir kimin oldu, padişahım?
Bildir ki, mənə nədir günahım?
Bəs neyləsin, indi bu dili-zar?
Gör kimlər ilə çəkərdim azar.
Şeirdə sadəliyə doğru meyil etməyin təsdiqi olan bu misralarda Natəvan öz fikrini sadə və səmimi bir dillə söyləyib, çətin söz, qəliz ifadə işlətmədən məqsədinə çatıb. Xurşidbanunun əksər şeirləri üçün səciyyəvi olan bu hal, əlbəttə, məclis üzvləri tərəfindən təqdir edilib.
Şairlər elm, mədəniyyət yolunda var qüvvəsini əsirgəməyən Natəvana hörmət və məhəbbətlərini çox vaxt şeirlə çatdırırdılar. Bu şeirlərdə onlar Natəvanın gözəlliyini vəsf edir və bədii portretini yaratmağa səy göstərirdilər. Şairlərdən Həsən Yüzbaşıyev, Mirzə Məmmədqulu Katib, Məmo bəy Məmai öz şeirlərində onu mədh etmişdilər.
Natəvan şairlər məclisi ilə yaxın ünsiyyəti, dostcasına münasibəti daima qoruyub saxlayırdı. Onun yazdığı hər yeni şeirdə dərin məna, səmimi hisslər, incə duyğular təzə ruh və ahənglə səslənirdi. “Hicrin ilə kim, daməni-qəm dəstrəsimdir” misrası ilə başlanan, “Sən idin”, “Gətirir”, “Bənzətdim” rədifli qəzəlləri öz lirizmi, şeiriyyəti ilə fərqlənirdi.
Ardı var......
Müxbir – Gülay Nəzərova