Xüsusi istedadı, yaradıcılıq qabiliyyəti olan fiziki qüsurlu insanlarla görüş təşkil olunub
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da “Park İnn” mehmanxanasında Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən xüsusi istedadlı, yaradıcılıq qabiliyyətləri olan fiziki qüsurlu insanlarla “Hər şeyə rəğmən” adlı ilk müzakirə xarakterli görüş təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş əlilliyi olan şəxslərin digərlərindən fərqləndirilməməsi, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə keçirilib.
Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.
Görüşdə müxtəlif dövlət qurumlarının nümayəndələri, əlilliyi olan insanlarla çalışan təşkilatlar iştirak ediblər.
Tədbir zamanı əlilliyi olan vətəndaşların məşğulluq imkanlarına yiyələnmələrinə daha geniş şərait yaradılması, yeni layihələrin hazırlanaraq həyata keçirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin mədəniyyət sahəsində fəaliyyətinə dair müzakirələr aparılıb.