“Yadındamı” filmi sərhədçi peşəsinin təbliği istiqamətinə töhfə verəcək
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Azərbaycan Sərhəd Mühafizəsinin keçdiyi şərəfli xidmət yolundan bəhs edən “Yadındamı” sənədli filminin yaradıcı heyəti ilə görüş keçirilib.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Xidmət rəisi general-polkovnik Elçin Quliyev “Azad Azərbaycan Teleradio və Yayım Şirkəti”nin rəhbəri Azər Xəlilova və filmdə əməyi keçən əməkdaşlara təşəkkürünü bildirib. O, qısa zamanda izləyicilər tərəfindən təqdir olunan ekran işinin gələcəkdə gənclər arasında hərbi-vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin sərhədçi peşəsinin təbliği istiqamətində töhfə verəcəyinə əminliyini vurğulayıb.
Çıxış edənlər “Yadındamı” filmində Azərbaycan Sərhəd Mühafizəsinin tarixi və inkişafı, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən tədbirlər, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfərdə sərhədçilərin iştirakını və nailiyyətlərini xüsusi vurğulayıblar.
Sonda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən, faydalı əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Azad Azərbaycan Teleradio və Yayım Şirkəti”nin əməkdaşları “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və fəxri fərmanla təltif ediliblər.