Yanğın təhlükəsi yaratdığına görə “Paramount Baku” gecə klubunun fəaliyyəti dayandırılıb







Bakı, 15 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib. Gecə klubunda elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı, əmrlə yanğına qarşı rejimin müəyyənləşdirilmədiyi, obyektin normaya uyğun sayda köçürmə çıxışları ilə təmin edilmədiyi məlum olub. Həmçinin təxliyə planının mövcud olmadığı və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilərin quraşdırılmadığı, obyektin daşınmaz əmlakının “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta olunmadığı, obyektin fəaliyyətinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı aşkar olub.
Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edə biləcəyini göstərir. Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Paramount Baku” gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.