YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Aqil Quliyevin ailəsinə baş çəkiblər
Bərdə, 21 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən “Şəhid ailələrinə qayğı” aksiyası davam etdirilir. Rayon təşkilatının fəalları aksiya çərçivəsində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edir, qayğı və problemləri ilə maraqlanır, onlara dəstək olurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının sədri Fəqət Şadlinskaya və bir qrup partiya fəalı hərbi əməliyyatlar zamanı şəhid olmuş Bərdə şəhərindən olan hərbi qulluqçu Quliyev Aqil Mətləb oğlunun ailəsinə baş çəkiblər. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Aqil Quliyev ötən il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində ilk gündən iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının düşməndən azad edilməsində qəhrəmanlıqla döyüşüb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Quliyev Aqil Mətləb oğlu ölümündən sonra "Vətən uğrunda" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Təşkilatın fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.