YAP-ın yaradılmasının 25 illik yubileyi münasibətilə Səbail rayonunda ağacəkmə aksiyası keçirilib YENİLƏNİB
Bakı, 16 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə YAP Səbail rayon təşkilatının, Səbail Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə dekabrın 16-da Şıx qəsəbəsində yerləşən veloparkda “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada YAP Səbail rayon təşkilatının idarə heyətinin, şuranın üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, gənc fəallar və YAP-ın üzvləri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev AZƏRTAC-a müsahibəsində aksiya ilə bağlı təşəbbüsün bir ay əvvəldən irəli sürüldüyünü bildirib. Sədr qeyd edib ki, bugünkü aksiyada 1500-dək şam və zeytun ağacının əkilməsi nəzərdə tutulub: “Ağacəkmə aksiyası gələn ilin mayınadək davam edəcək. Partiya üzvlərinin sayı 700 mini ötüb. Buna görə də ümumilikdə partiyamızın üzvlərinin sayı qədər ağac əkilməsi planlaşdırılır. Bundan əlavə, dekabrın sonlarına yaxın ən böyük aksiyamızı təşkil edəcəyik. YAP-ın sədri, Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar velopark ərazisində üç minə yaxın ağacın əkilməsi planlaşdırılır”.
Şəmsəddin Hacıyev aksiyada iştirak edən partiya üzvlərinin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu parkda təşkil olunan ağacəkmə aksiyasında böyük həvəslə iştirak etmələrini məmnunluqla vurğulayıb.