YAP Nərimanov rayon təşkilatı partiyanın 20 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı partiyanın 20 illik yubileyi münasibəti ilə noyabrın 8-də ağacəkmə aksiyası keçirmişdir.
AZƏRTAC xəbər verir ki, ağacəkmə kampaniyasında təhsil naziri Misir Mərdanov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP fəalları, Milli Məclisin deputatları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Ağacəkmə aksiyasında iştirak edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Prezident İlham Əliyevin ekoloji problemlərin həllinə həmişə qayğı ilə yanaşdığını, bu istiqamətdə uğurlu addımların atıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü ərəfəsində ölkədə müxtəlif tədbirlər keçirilir. Ekoloji tarazlığın qorunub saxlanılması üçün yaşıllıq sahələrinin artırılması da bu tədbirlərdəndir. YAP təkcə Bakı şəhərində deyil, bütün ölkə ərazisində ağacəkmə aksiyaları keçirir. Bugünkü ağacəkmə aksiyası partiyanın cəmiyyətimizdə abadlığa, quruculuğa önəm verdiyini bir daha sübut edir.
Əli Əhmədov demişdir ki, YAP yarandığı gündən həmişə faydalı işlərlə məşğul olmuşdur. Partiyanın fəalları tərəfindən burada əkilən ağaclar bir neçə ildən sonra böyüyəcək, yaşıllıq zonasına çevriləcək, bu da Azərbaycanın ekologiyasının təmizlənməsini, insanların daha sağlam mühitdə yaşamasını təmin edəcəkdir.
Aksiya Nərimanov rayonu ərazisində xüsusi olaraq yaşıllığın salınması üçün ayrılmış ərazidə keçirilmiş və 2 mindən çox ağac əkilmişdir. Eyni zamanda, ərazidə təmizlik-abadlıq işləri aparılmışdır.