YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, rayon icra hakimiyyətinin, dövlət qurumlarının nümayəndələri, partiyanın üzvləri, gənclər, tələbələr iştirak ediblər.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.
Mərasimdə geniş məruzə ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev tədbir iştirakçılarının əksəriyyətinin gənclər olduğunu vurğulayaraq 20 Yanvar faciəsi ilə əlaqədar onların daha geniş məlumatlandırılmasının vacibliyini bildirib. Ş.Hacıyev qeyd edib ki, təpədən-dırnağadək silahlanmış sovet ordusunun əliyalın, sadə vətəndaşlara qarşı qanlı qırğın törətməsi çökməkdə olan imperiya rəhbərliyinin əsl simasını açıb göstərdi. Bakıya bir neçə istiqamətdən edilən amansız hücumun təşkilində ermənilər xüsusilə fəallıq göstərirdilər. Bu qanlı qırğın nəticəsində 147 nəfər şəhid oldu, 700-dən çox insan yaralandı, 800-dən çox günahsız şəxs qanunsuz olaraq həbs edildi.
Vurğulanıb ki, Azərbaycanın müstəqillik tarixinə qanla yazılan 20 Yanvar faciəsinin əsas səbəbi o vaxtkı hakimiyyətin satqınlığı, rəsmi Moskvanın əlində oyuncağa çevrilməsi, habelə milli azadlıq hərəkatının önündə gedən şəxslərin xalqa doğru yol göstərə bilməməsi oldu. O zaman Bakı ilə yanaşı, respublikamızın bir sıra bölgələrində də qırğınlar törədildi.
Qeyd olunub ki, bu qanlı hadisəyə ilk və ən kəskin münasibəti məhz xalqımızın ümummilli lideri, həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bildirdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, kəskin bəyanatla çıxış edərək Sovet İttifaqı rəhbərliyini Bakıda qanlı qırğın törətməkdə ittiham etdi. Faciəyə ilk siyasi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra - 1994-cü ilin martında 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verildi.
Ş.Hacıyev bildirib ki, qəhrəman Vətən övladlarının xalqımızın azadlığı uğrunda şəhid olması müstəqillik üçün mübarizə aparan Azərbaycan xalqının iradəsinin sarsılmazlığını sübut etdi. 20 Yanvar Azərbaycan xalqının müstəqil amalını, bu yolda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimiz Vətənin azadlığı uğrunda canlarını fəda etməklə Azərbaycan xalqının istiqlaliyyət mübarizəsinin daha da alovlanmasında mühüm rol oynadılar.
YAP Səbail rayon təşkilatının sədri bu gün dünyada sürətlə inkişaf edən Azərbaycanda digər sahələrə olduğu kimi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə və faciə nəticəsində əlil olan şəxslərə göstərilən yüksək dövlət qayğısında danışıb.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu qeyd ediblər. Natiqlər 20 Yanvarın Azərbaycan xalqının müstəqilliyi yolunda mühüm addım kimi qiymətləndirib, faciə qurbanlarının xatirəsinin daim əziz tutulduğunu bildiriblər.