HEYDƏR ƏLİYEV - 1
YAP Səbail təşkilatında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 8 dekabr AZƏRTAC
Dekabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Ulu Öndərin siyasi fəaliyyətinə nəzər salıb. Qeyd olunub ki, Heydər Əliyev 20 Yanvar faciəsindən sonra onu gözləyən təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək törədilən cinayəti kəskin tənqid edib və heç nədən çəkinməyərək günahkarların adlarını çəkib.
Müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi vəziyyətin çox gərgin mərhələyə qədəm qoyduğunu xatırladan M. Nağıyev bildirib ki, həmin dövrdə “91-lər” hərəkatı yaranıb və xalqın 91 ziyalısı Heydər Əliyevə hakimiyyətə qayıtmağı təklif ediblər. Diqqətə çatdırılıb ki, 1992-ci ilin noyabrında Naxçıvanda YAP-ın təsis qurultayı keçirilib və Heydər Əliyev yekdilliklə yeni partiyanın sədri seçilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya qayıtdığını söyləyən YAP Səbail rayon təşkilatının sədri hakimiyyətə gəlişinin ilk ilində onun atəşkəsə nail olaraq minlərə Azərbaycan gəncinin həyatını xilas etdiyini deyib. Vurğulanıb ki, sonradan “Əsrin müqaviləsi” imzalanıb və Azərbaycana xarici sərmayə axını başlayıb. Eyni zamanda, ordu quruculuğu, iqtisadi infrastruktur yaradılıb, Azərbaycan inkişaf mərhələsinə qədəm qoyub.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub, torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Bu gün işğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutub.
Sonra YAP Veteranlar Şurasının üzvü Südeyif İmanverdiyev və digərləri çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, müasir Azərbaycanın Lideri İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən bəhs ediblər.