YAP Suraxanı Rayon Təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
Bakı, 17 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Zığ qəsəbəsi sakini, Vətən müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun ailəsini ziyarət edib, ailəsinin qayğıları ilə maraqlanıblar.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, görüş zamanı təşkilat sədri Vüqar Seyidov Vətən müharibəsində öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıb.
Səmimi söhbət əsnasında dövlətimizin başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin hamımız üçün də nümunə təşkil etdiyini bildirən təşkilat sədri deyib ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcək.
Vüqar Seyidov şəhid Rüfət Əsgərovun əziz xatirəsini bir daha anaraq, üzərində şəhidin təsviri toxunmuş xalçanı ailəyə təqdim edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.