YAP Xətai rayon təşkilatının fəalları rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər
Bakı, 20 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid Cəfərli Həmid Kərim oğlunun və şəhid Əliyev Eldar Süleyman oğlunun ailələrini ziyarət ediblər.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, Cəfərli Həmid Kərim oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları, Əliyev Eldar Süleyman oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub.
Ziyarət zamanı təşkilat üzvləri şəhid ailəsinə başsağlığı verib, ailənin qayğıları, problemləri ilə maraqlanıblar. Eyni zamanda, Novruz sovqatları ilə onların qarşıdan gələn bayramlarını təbrik ediblər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.