Yaponiya hökuməti üç prefekturada koronavirusa qarşı tədbirləri gücləndirəcək
Tokio, 9 aprel, AZƏRTAC
Aprelin 12-dən başlayaraq Yaponiya hökuməti Tokio və Kioto da daxil olmaqla üç prefekturada koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar hökumətin tərkibində fəaliyyət göstərən koronavirusa qarşı mübarizə üzrə qərargahın aprelin 9-da keçirilən iclası zamanı qəbul edilib.
Həmin qərarı şərh edən Baş nazir Yoşihide Suqa deyib: “Bu gün biz aprelin 12-dən başlayaraq üç prefekturada koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul etdik. Bu qərar mayın 11-dək Tokioda, mayın 5-dək isə Kioto və Okinavada qüvvədə olacaq. Bu regionlarda yoluxma sayı və səhiyyə sisteminə düşən yük artıb”.
Baş nazir, həmçinin koronavirusun yeni ştammlarına qarşı və yaşlı insanlar üçün müəssisələrdə profilaktik tədbirlərin gücləndirlməsinin zəruriliyini də vurğulayıb.
Bundan bir gün əvvəl paytaxt əhalisinə müraciət edən Tokio qubernatoru Yuriko Koike onları xüsusən aprelin sonu mayın əvvəllərində baş tutacaq uzunmüddətli tətil zamanı ölkənin digər regionlarına səfərlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, cari həftənin əvvəllərində Osaka, Miyaqi və Hyoqo prefekturalarında analoji tədbirlər görülüb.
Osaka prefekturası vəziyyət gərgin olduğuna görə aprelin 7-dən lokal fövqəladə vəziyyət rejimi barədə qərar qəbul edib.
Əlavə olaraq qeyd edək ki, artıq üç gündür Yaponiyada gündəlik yoluxma sayı 3 min nəfəri ötür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio