Yaponiyada əcnəbi səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimi bərpa olunub
Tokio, 24 iyun, AZƏRTAC
Yaponiyada koronavirus pandemiyasının başlamasından sonra ilk dəfə olaraq iyunun 24-də dörd ölkənin səfirinin etimadnaməsini İmperator Naruhitoya təqdim etməsi mərasimi keçirilib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, İmperator sarayında təşkil edilən mərasimdə cari ildə Yaponiyaya gəlmiş Tailand, Kuba, Tonqa və Ruandanın səfirləri iştirak ediblər.
Qeyd edək ki, bu diplomatlar etimadnamələrini İmperatora martın sonu, aprelin əvvəllərində təqdim etməli idilər. Lakin virusun yayılmasının davam etməsi ilə əlaqədar həmin tədbirlər təxirə salınmışdı.
Xatırladaq ki, İmperator Naruhito ötən il mayın 1-də atası 85 yaşlı Akihitonu əvəz edərək taxta çıxıb. Yaponiya Konstitusiyasına uyğun olaraq, monarxın taxta çıxmasının elan edilməsi mərasimi oktyabrın 22-də keçirilib.
Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların sayı 18 min 700-ü ötüb. Təqribən 980 nəfərin həyatını itirdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio