Yaponiyada “Moritomo qakuen” məktəbinin sabiq direktorunun məhkəməsi başlanıb
Tokio, 7 mart, AZƏRTAC
Yaponiyanın qərbində yerləşən məktəbin sabiq rəhbəri ibtidai məktəbin inşası ilə bağlı subsidiya almaq üçün hökuməti aldatdığı barədə ittihamı rədd edərək, günahsız olduğunu bildirib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “Moritomo qakuen”in sabiq direktoru Yaçunori Kaqoike və onun həyat yoldaşı Gunko Osaka şəhərində yerləşən məktəbin və uşaq bağçasının inkişafı üçün hökuməti aldadaraq 1,5 milyon dollar subsidiya almaqda ittiham olunurlar.
Martın 6-da Osaka məhkəməsində bu işlə bağlı dinləmələrə başlanılıb. Y.Kaqoike bildirib ki, onun və həyat yoldaşının həbsi siyasi sifarişdir və yolverilməzdir. Əlavə edib ki, o və həyat yoldaşı hər şeylərini itirə bilər və onları susdurmaq istəyirlər.
Y.Kaqoike əlavə edib ki, onların həbsi ictimaiyyətin diqqətini Baş nazir Şinzo Abenin və Maliyyə Nazirliyinin rəhbərliyinin adlarının hallandığı daha böyük işdən yayındırmaq məqsədi daşıyır.
Xatırladaq ki, 2017-ci ildə “Moritomo qakuen” ətrafında bu təhsil müəssisəsinin ibtidai məktəb tikmək məqsədilə dövlət torpağını bazar qiymətlərindən dəfələrlə ucuz alması ilə bağlı qalmaqal baş verib.
Y.Kaqoike bildirib ki, onun hökuməti aldatmaqda təqsirli bilinməsi düzgün deyil və o, heç kimi aldatmaq niyyətində olmayıb. Subsidiyaya gəlincə isə o, saxta sənədlər yolu ilə pul aldığını qismən təsdiq edib.
Y.Kaqoikenin həyat yoldaşı isə, bütün maddələr üzrə ittihamı qəbul etmədiyini deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio