Yaponiyada tibbi maskaların çatışmazlığı davam edir
Tokio, 15 mart, AZƏRTAC
Martın 14-dən 15-ə keçən gecədən başlayaraq Yaponiyada tibbi maskaların internet vasitəsilə baha qiymətə satışına qadağa tətbiq olunub. Lakin buna baxmayaraq, istehsalçılar çatışmazlığın hələ bir müddət davam edəcəyini bildirirlər.
AZƏRTAC xəbər verir ki, bu qadağanın tətbiq edilməsində məqsəd tibbi maskaları baha qiymətə satmaq üçün onların alınmasının qarşısını kəsməkdir. Belə güman edilir ki, ölkədə tibbi maska çatışmazlığının kökündə bu gigiyena vasitələrinin bəzi şirkətlər tərəfindən baha qiymətə satmaq üçün böyük miqdarda alınması dayanır. Qadağanın tətbiq olunması barədə qanuna əsasən, qaydaları pozanları bir il həbs və ya 9300 dollar məbləğində cərimə gözləyir.
Lakin buna baxmayaraq, Tokio apteklərində və supermarketlərində tibbi maska çatışmazlığı davam edir.
Yaponiya Tibbi Maska İstehsalçıları Assosiasiyasının bildirdiyinə görə, yanvarın sonlarından başlayaraq həmin məhsulu istehsal edən şirkətlər bütün sutka ərzində fasiləsiz çalışır. Buna baxmayaraq, təklif artmaqda davam edən tələbi ödəmək üçün kifayət deyil.
Assosiasiya vətəndaşları tibbi maskaları külli miqdarda almaqdan imtina etməyə və onların ehtiyacı olan hər bir şəxsə çatmasına kömək göstərməyə çağırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio