İQTİSADİYYAT
Yaponiyalı mütəxəssis: Bakı dünyanın ən gözəl şəhərlərindən biridir
![](/files/galleryphoto/2023/3/1200x630/16965004045348965487_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16965004033066657207_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16965004035276116497_1200x630.jpg)
Bakı, 5 oktyabr, AZƏRTAC
Ümumdünya Memarlar Günü münasibətilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) tərəfindən Bakı KOB Evində “Memarlıq irsi: Müasir və gələcək trendlər” adlı konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda Yaponiyanın “Pacific Co.” Beynəlxalq İnfrastruktur Korporasiyasının mütəxəssisləri iştirak ediblər. Konfransı açan Yaponiyanın Azərbaycandakı səfiri Yuniçi Vada ölkələr arasında iqtisadi əməkdaşlıqdan, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının Yaponiyanın aparıcı şirkətləri ilə əlaqələrindən söz açıb.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının Baş katibi Şahanə Sarı Assosiasiyanın fəaliyyəti haqqında iştirakçılara məlumat verərək, əsas məqsədin ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarət olduğunu vurğulayıb.
“Pacific Co.” Beynəlxalq Korporasiyanın nümayəndəsi, korporasiyanın Memarlıq departamentinin baş memarı Yoko Şiraişi təmsil etdiyi qurumun fəaliyyəti və layihələri barədə məlumat verib. “1951-ci ildə təsis edildiyimiz gündən Yaponiyada aparıcı mühəndislik konsaltinq şirkəti olaraq, “Pacific Consultants Co. Ltd” tərəfindən həm yerli, həm də xaricdə sosial infrastruktur layihələri, o cümlǝdən geniş çeşiddə mühəndislik və tikinti konsaltinq xidmətləri göstərilmişdir. Çox sayda dəmir yolları, limanlar, hava limanları, yollar, körpülər, tunellər və s. strateji obyektlərin, o cümlədən dövlət və özəl sektor üçün binaların tikintisi uğurla həyata keçirilmişdir. İlk dəfədir Bakıdayıq. Cəlbedici, müasir, icra texnikasına görə bir-birindən seçilən binalarınız var. Qısa müddət ərzində şəhərinizlə tanış olarkən diqqətçəkən, unikal, qədim və müasir memarlıq abidələri ilə tanışlığımız zamanı Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyə bilərik”, - deyə Yoko Şiraişi bildirib.
Konfransda qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi yolları müzakirə edilib. Sonda yaponiyalı mütəxəssislər zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsindən, mövcud binalar üçün möhkəmləndirmə texnologiyası haqqında məlumat verərək, tədbir iştirakçıları və media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.