Yaponiyanın Aiçi prefekturasında da koronavirusa görə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq
Tokio, 9 aprel, AZƏRTAC
Aprelin 10-dan Yaponiyanın Aiçi prefekturasında da koronavirusa görə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə həmin prefekturanın qubernatoru Hideaki Omura keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Qubernator deyib: “Son həftədə vəziyyət daha da gərginləşib, biz koronavirusa yoluxanların sayının artdığını müşahidə edirik. Buna görə də sabahdan başlayaraq prefektura ərazisində fövqəladə vəziyyət rejimi tətbiq ediləcək. Bununla əlaqədar mən, ilk növbədə, prefektura sakinlərinə müraciət edərək, onları evdə qalmağa, ehtiyac olmadığı halda küçəyə çıxmamağa çağırıram. Bildirmək istəyirəm ki, həyat üçün lazım olan bütün obyektlər fəaliyyətini davam etdirəcək”.
Əlavə olaraq qeyd edək ki, inzibati mərkəzi Naqoya şəhəri olan Aiçi prefekturasının əhalisi 7,5 milyon nəfərdir. Burada “Toyota Motor” avtokonserninin əsas zavodu da daxil olmaqla böyük sənaye müəssisələri yerləşir. Son məlumatlara əsasən, bu prefektura koronavirusun yayılması səviyyəsinə görə Yaponiya prefekturaları arasında beşincidir. Burada 280 yoluxma halı qeydə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio