Yaponiyanın Baş Naziri gecə barlarını və restoranları bağlamağa çağırıb
Tokio, 12 aprel, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe bütün ölkə üzrə gecə barlarını və restoranları bağlamağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir koronavirusa qarşı mübarizə üzrə xüsusi hökumət qrupunun iclası zamanı bildirib. Ş.Abe qeyd edib ki, xəstələrin əksəriyyətinin koronavirusa əyləncə yerlərində, bar və restoranlarda yoluxduqları məlumdur.
Xatırladaq ki, aprelin 8-dən Yaponiyanın yeddi prefekturasında fövqəladə vəziyyət rejimi elan edilib.
Ş.Abe bildirib ki, o, əhalini təkidlə gecə barlarından, klublardan, karaoke-barlardan, canlı musiqinin olduğu digər əyləncə yerlərindən, ümumiyyətlə çoxlu sayda insanların toplaşdığı qapalı məkanlardan uzaq olmağa çağırmaq qərarına gəlib.
Baş Nazir bildirib ki, əgər insanlar fövqəladə vəziyyət rejiminin tezliklə aradan qaldırılmasını istəyirlərsə, bir-biri ilə canlı ünsiyyəti 70-80 faizədək azaltmağa çalışamlıdırlar.
Ş.Abe, həmçinin kabinet üzvlərinə prefekturalardakı müəssisələrin rəhbərlərindən əməkdaşları daha çox evdə işlətmələrini, yalnız kəskin ehtiyac yarandığı təqdirdə iş yerinə çağırılmalarını xahiş etməyi tapşırıb. Baş Nazir bildirib ki, müəssisələrin bir qismi əməkdaşlarla teleiş formatında işləməyə başlasalar da, bu arzu olunan qədər deyil.
Tibbi maskaların çatışmazlığı məsələsinə toxunan Ş.Abe, bu vasitənin əlavə 10 milyon ədədinin yeddi prefekturadakı səhiyyə müəssislərinə bölünməsinin məqsədəuyğun olduğunu da deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio