Yaponiyanın “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinin ilk fotosunu çəkib
Tokio, 2 mart, AZƏRTAC
Yaponiyanın Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyinin (JAXA) yaydığı məlumata görə, “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinin ilk fotosunu çəkib.
AZƏRTAC JAXA-ya istinadla xəbər verir ki, Yer kürəsi ilə Marsın arasında yerləşən bu zondun son hədəfi məhz həmin asteroiddir.
JAXA-nın nümayəndələrinin bildirdiyinə görə, fotolar zond Yer kürəsindən 300 milyon kilometr uzaqlıqda olarkən çəkilib. Fotolarda Ryuqunun Günəşin şəfəqlərı altında necə parladığı aydın görünür.
Hazırda zond asteroid istiqamətində saniyədə 350 metr sürətlə hərəkət edir və onun hədəfə çatmasına təqribən 1 milyon kilometr qalıb.
Xatırladaq ki, “Hayabusa-2” 2014-cü ildə kosmosa buraxılıb. Onun asteroidə cari ilin iyununda və ya iyulunda çatacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio