Yaponiyanın Nazirlər Kabineti yeni koronavirusla əlaqədar qanun layihəsini bəyənib
Tokio, 10 mart, AZƏRTAC
Yaponiya Nazirlər Kabineti yeni koronavirusla əlaqədar ehtiyac yaranacağı təqdirdə Baş Nazirə ölkədə fövqəladə vəziyyət elan etmək səlahiyyəti verən yeni qanun layihəsini bəyənib.
AZƏRTAC xəbər verir ki, martın 10-da kabinetin xüsusi iclasında qəbul olunan qanun layihəsi 2012-ci ildə qripin yeni növü və digər yoluxucu xəstəliklərlə bağlı qəbul edilmiş qanuna dəyişiklikləri nəzərdə tutur.
Yeni koronavirusla əlaqədar dəyişikliklərin aparıldığı qanun layihəsində əsasən mövcud qanunvericiliyin tətbiqinin iki il müddətinə uzadılmasından söhbət gedir. Hökumətin bildirdiyinə görə, virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.
Qanun layihəsi Baş Nazirə yeni koronavirusun yayılması insanların həyatına və ölkə iqtisadiyyatına ciddi ziyan vuracağı halda fövqəladə vəziyyət elan etmək səlahiyyətinin verilməsini nəzərdə tutur. Bu halda xüsusi tədbirlərin görülməsi üçün müəyyən ediləcək sahələr və müddət Baş Nazir tərəfindən təyin edilir.
Eyni zamanda, qanun layihəsi prefekturaların qubernatorlarına sakinlərə evdə qalmaq barədə xahişlə müraciət etmək səlahiyyəti verir. Bu, həmçinin məktəblərin bağlanması, kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi kimi göstərişlərin verilməsini də nəzərdə tutur.
Qanun layihəsi hökumət orqanlarına ehtiyac yaranacağı təqdirdə sahibkarların icazəsi olmadan belə müvəqqəti səhiyyə müəssisələrinin yaradılması üçün ərazidən və tikililərdən istifadə etmək hüququ verir.
Bildirilir ki, parlamentin aşağı palatası artıq martın 11-də bu qanun layihəsinin müzakirələrinə başlayacaq. Onun martın 13-də qəbul ediləcəyi gözlənilir. Hökumət martın 14-dən yeni qanunun tətbiqinə başlamağı planlaşdırır.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada 1218 nəfər “COVID-19” koronavirusuna yoluxub. Artıq 16 nəfər həmin virusla əlaqədar dünyasını dəyişib. Bu günədək 346 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio