CƏMİYYƏT
“Yaşıl dünya naminə həmrəy olaq, qadın zorakılığına yox deyək!” - konfrans
Bakı, 28 noyabr, AZƏRTAC
“EMEDIA GROUP” Media Təşkilatı cəmiyyətimiz üçün daha bir aktiv mövzuda maarifləndirici tədbir keçirərək aidiyyəti qurumlarla həmin məsələni müzakirə edib. Belə ki, noyabrın 28-də Atatürk Mərkəzində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan "Yaşıl dünya naminə həmrəy olaq, qadın zorakılığına yox deyək!" mövzusunda konfrans təşkil edilib.
Tədbirdə müxtəlif dövlət, özəl qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları, incəsənət xadimləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev cəmiyyətimizdə hələ də qadın və qızlara qarşı zorakılıq hallarının mövcud olduğunu, onların hüquqlarının fərqli formada pozulması hallarına rast gəlindiyini təəssüflə vurğulayıb. “Məlum olduğu kimi, bu il ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Azərbaycan COP29 kimi beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Təşkilatımız "Yaşıl dünya naminə həmrəy olaq, qadın zorakılığına yox deyək!" mövzusunda konfrans keçirməklə həm hər kəsi qadın zorakılığı ilə mübarizədə həmrəyliyə səsləmək, həm də zərif cinsin və həssas təbəqələrin nümayəndələrinin iştirakı ilə yaşıl, inklüziv və dayanıqlı cəmiyyət qurmaq naminə fikir mübadiləsi aparmaq niyyətindədir”, - deyə o əlavə edib.
Konfrans müzakirələrlə davam edib. Əməkdar jurnalist Mətanət Ağamirlinin moderatorluğu ilə keçən müzakirələrdə iştirakçılar Azərbaycanda qadınların tarixən əldə etdiyi uğurlardan, Şərqdə qadınlara ilk seçki hüququ verilən dövlətin məhz Azərbaycan olduğunu vurğulayaraq, bu istiqamətdə ölkəmizdə görülən işlərdən, gender siyasətindən bəhs edib, qeydə alınan mənfi hallara, gender qeyri-bərabərliyinə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. Həmçinin qadın və qızların məruz qaldıqları gender zəminli zorakılığın başlanğıc nöqtəsindən son mərhələsinədək baş verənlərin, bunun səbəblərinin, nəticələrinin araşdırılması, ağır fəsadlarının aradan qaldırılması yolları axtarılması üçün bu cür tədbirlərin cəmiyyətin maarifləndirilməsində rolu vurğulanıb.