“Yaşıl iqtisadiyyat”ı təşviq edən təşəbbüslər bu sahədəki mövqeyimizi yaxşılaşdıracaq
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan hökumətinin “yaşıl iqtisadiyyatı” təşviq etmək məqsədilə irəli sürdüyü təşəbbüslər yaxın gələcəkdə ölkəmizin bu sahədəki mövqeyini yaxşılaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli dekabrın 7-də “Azərbaycan yaşıl inkişafa doğru” hesabatının təqdimat mərasimində deyib.
“Ümumiyyətlə, yaşıl inkişafın təşviqində hökumətlə yanaşı özəl sektor və qeyri-hökumət təşkilatlarının payı da yüksəkdir. Hesab edirəm ki, Dünya Bankı tərəfindən hazırlanan hesabat Azərbaycanda yaşıl iqtisadiyyata keçid üçün boşluqların müəyyən edilməsi, növbəti mərhələdə bu istiqamətdə strateji sənədlərin hazırlanması üçün mühüm mənbə rolunu oynamaqla, 2021-ci ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan 2030 Milli İnkişaf Prioritetlərinin xüsusilə 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına öz müsbət töhfəsini verəcək, habelə Dünya Bankı ilə əməkdaşlığımızın əhatə dairəsini daha da genişləndirəcək. Əminəm ki, bu istiqamətdə maarifləndirmə, dövlət, özəl sektorun, beynəlxalq donorların birgə fəaliyyəti dayanıqlı və “yaşıl investisiyalar”ın uğurla reallaşmasına şərait yaradacaq”, - deyə nazir müavini qeyd edib.