“Yaşıl marafon”un ikinci mərhələsi çərçivəsində Səbail rayonunda növbəti aksiya keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ötən il ölkəmizdə start götürmüş “Ümumrespublika yaşıllaşdırma” marafonunun ikinci mərhələsi çərçivəsində Səbail rayonunda növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Rayon rəhbərliyinin, idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin nümayəndələri daxil olmaqla ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə keçirilən növbəti aksiya Abbasqulu Abbaszadə küçəsi və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca böyük bir ərazini əhatə edib. Səbail rayonunun müharibə və əmək veteranlarının da qoşulduğu aksiya zamanı 3000 yeni ağac və 1000 gül kolu, 1500 kvadratmetr sahəyə qazon əkilib, əvvəl əkilmiş 4000 ağaca qulluq göstərilib.
Aksiyada iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu iməcilik ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamıdır. Bugünkü aksiya həm də Avropa Oyunları ərəfəsində paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəsini verəcək. Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.