İQTİSADİYYAT
“Yaşıl vergi”lərin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək
Bakı, 7 dekabr, AZƏRTAC
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsində İşçi Qrupun diqqət mərkəzində olacaq məsələlərdən biri milli vergi qanunvericiliyinə fokuslanmaqla vergilərin dərəcə strukturundakı sabitlik səviyyəsinin qiymətləndirilməsi, korporativ gəlir vergisi (mənfəət vergisi) ilə bağlı dəyişikliklərin tezliyinin dəyərləndirilməsidir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə (DVX) istinadla xəbər verir ki, bu barədə DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə əsas işlər xərc komponentləri üzrə qiymətləndirmə və təhlillərin aparılması, bu sahədə mütərəqqi xarici təcrübənin öyrənilməsi, bununla bağlı sahibkarlıq subyektləri, assosiasiyalar və dövlət orqanlarının iştirakı ilə görüşlərin keçirilməsi və müvafiq məsələlərin müzakirə edilməsinə yönəldiləcək: “Müzakirələrin nəticəsi olaraq, bu istiqamətdə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsinə dair layihənin hazırlanması nəzərdə tutulur. Lakin bu məsələ yalnız biznes dairələri ilə müzakirələrdən və mümkün risklərin təhlilindən sonra mümkün olacaq”.
DVX rəsmisi qeyd edib ki, eyni zamanda, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək. Həmin istiqamətdə hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin davam etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, əhali qrupuna daxil olan aktiv istehlakçıların bərpaolunan enerji mənbələri hesabına istehsal etdikləri elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirə münasibətdə güzəştlərin müəyyən edilməsi və sair kimi məsələlər iş planına daxildir.