Yaşıllaşdırma marafonu: İsmayıllıda 2000-dən çox ağac əkilib
İsmayıllı, 2 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyasına başlanılıb. Marafon çərçivəsində İsmayıllı rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllının Qurbanəfəndi kəndi ərazisində keçirilən aksiyada rayon icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin nümayəndələri və könüllülər iştirak ediblər. İki hektara yaxın sahədə 2000-dən çox meşə cinsli ağac, əsasən göyrüş və ağcaqayın əkilib, habelə palıd toxumu səpilib.
Əkin işləri Qurbanəfəndi kəndinin ərazisindən keçən, yenidən qurulan Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında həyata keçirildiyinə görə yolboyu nəzərdə tutulan abadlıq işlərinə də töhfə də verəcək.