YAŞILLIQ ƏRAZİDƏ TİKİNTİ İŞLƏRİNİN APARILMASINA MÜSBƏT RƏY VERİLMƏMƏLİDİR
Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentindən AZƏRTAC-a bildirmişlər ki, bu sahədə Nərimanov, Səbail, Binəqədi, Yasamal, Sabunçu, Nəsimi və Suraxanı rayonlarnda qanun pozuntusu daha çoxdur. Başlıca problem tikinti şirkətlərinin yaşıllıq ərazilərində inşaat işlərini kortəbii aparmasıdır. Departament bu istiqamətdə aşkar olunan pozuntuları dərhal araşdırır, təxirəsalınmaz tədbirlər həyata keçirir. Qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində bu şirkətlərə qarşı iddialar qaldırılır, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr kəsilir.
2005-ci ildə və 2006-cı ilin ötən dövründə yaşıllıqların mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbələrini pozan hüquqi, fiziki şəxs barədə 470 akt, 213 protokol tərtib olunmuş, 314 məcburi göstəriş verilmişdir. Yaşıllıqların qırılaraq məhv edilməsində məsuliyyət daşıyan şəxslərə qarşı 24 min manat (AZN) məbləğində iqtisadi sanksiya tətbiq olunmuş və xüsusi hesaba köçürülməsi təmin edilmişdir. Bu sahədə inzibati xəta törətmiş şəxslərlə bağlı 27 iş məhkəmə orqanlarına göndərilmişdir.
Vəziyyətdən ən sadə çıxış yolu budur ki, yaşıllıq ərazidə bu və ya digər tikinti işlərinin aparılmasına müsbət rəy verilməsin. Bu işdə ictimaiyyətin fəallığı da böyük əhəmiyyətə malikdir.