Yekaterinburqda baş verən hadisələr diskriminasiya və milli ayrı-seçkiliyin nümunəsidir - ŞƏRH
Bakı, 30 iyun, AZƏRTAC
Yekaterinburqda azərbaycanlılara qarşı amansız münasibət dözümsüzlüyün ən yuxarı həddidir. Müqavimət göstərməyən insanları öldürmək, onları kütləvi şəkildə həbs etmək qəbuledilməzdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov səsləndirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin dərhal bəyanat verməsi təsadüfi deyil: “Əslində Yekaterinburqda baş verən hadisələr diskriminasiya və milli ayrı-seçkiliyin nümunəsidir. Bu məsələyə münasibətimiz birmənalıdır. Təəssüflər olsun ki, bu gün Rusiyada Azərbaycanla strateji əhəmiyyət daşıyan münasibətləri yüksək səviyyədə saxlamaq əvəzinə, ona zərbə vurmaq istəyən qüvvələr üstünlük təşkil edir”.
Milli Məclisin deputatı qeyd edib ki, Rusiyada azərbaycanlılara qarşı milli ayrı-seçkiliyə Azərbaycan ictimaiyyəti də haqlı olaraq kəskin reaksiya verib.
“Deputatımız Rusiyaya buraxılmır, saytlarımıza kiberhücumlar həyata keçirilir, təyyarəmiz vurulur, azərbaycanlılara qarşı milli ayrı-seçkilik nümayiş olunur. Azərbaycanda isə bunun əksidir. Çünki tolerant ölkəyik. Bütün bu hadisələr təbii ki, ikitərəfli münasibətlərə də təsir göstərir”, - deyən Səməd Seyidov bildirib ki, Azərbaycan hökuməti soydaşlarımızın qorunması üçün bütün lazımi addımları atır və bundan sonra da atacaqdır.