YENİ AZƏRBAYCAN PARTİYASI İDARƏ HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Bildirilmişdir ki, hesabat dövründə partiyanın fəaliyyətində diqqətdə olan əsas məsələ 2006-cı il mayın 13-də keçirilən təkrar parlament seçkiləri olmuşdur. Uğurlu seçki kampaniyası nəticəsində seçki keçirilən 10 dairənin 5-də Yeni Azərbaycan Partiyasının namizədləri qalib gələrək Milli Məclisdə partiyanın deputat korpusunun sayını 62 nəfərə çatdırmışdır.
Bu ilin ilk yarısında Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Partiyanın nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Türkiyəyə, Milli Demokrat Partiyasının dəvəti ilə Misirə səfər etmiş, YAP-ın dəvəti ilə Rumıniya Sosial-Demokrat Partiyasının nümayəndə heyəti Bakıda olmuşdur. Hesabat dövründə partiyamızın Gənclər Təşkilatının Türkiyənin Ədalət və İnkişaf və Ukraynanın Regionlar Partiyalarının gənclər təşkilatlarının qarşılıqlı səfərləri baş tutmuşdur.
Bu müddət ərzində Yeni Azərbaycan Partiyası cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, aktual mövzular üzrə bir sıra konfrans və dəyirmi masalar keçirmiş, partiyanın nümayəndələri cəbhə xəttində əsgərlərimizlə görüşmüş, maddi yardım göstərmişdir.
İdarə Heyətində vurğulanmışdır ki, partiyanın cəmiyyətdə rolu və mövqeyi daha da güclənmişdir. Bunun mühüm göstəricisi yarım il ərzində partiya üzvlərinin sayının 15 min 677 nəfər artması hesab oluna bilər. Ölkənin iqtidar partiyası öz sıralarında indi 393 min 746 nəfəri birləşdirir ki, bunların da 167 min 216 nəfəri (42,4 faiz) qadın, 150 min 524 nəfəri isə (38,2 faiz) gəncdir. O da bildirilmişdir ki, partiya sıralarında tələbələrin sayı xeyli artaraq 39 min 203 nəfərə çatmışdır.
İclasda partiyanın yarımillik maliyyə hesabatı təsdiq edilmişdir. Cari ilin yanvar-iyun aylarında Yeni Azərbaycan Partiyasına üzvlük haqlarından 527 min 958 manat daxil olmuşdur. Bu vəsaitdən partiyanın mərkəzi və yerli strukturlarında çalışanların əmək haqlarının ödənilməsinə, partiya tədbirlərinin keçirilməsinə və təsərrüfat xarakterli xərclərə 453 min 986 manat istifadə olunmuşdur.
İdarə Heyəti Yeni Azərbaycan Partiyasının 2006-cı ilin iyul-dekabr ayları üçün iş planını müzakirə edərək təsdiqləmişdir.