YENİ AZƏRBAYCAN PARTİYASI ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRMİŞDİR
Konfransı giriş sözü ilə YAP-ın icraçı katibi Əli Əhmədov açdı.
Tədbir iştirakçıları ümummilli liderimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra məruzələr dinlənildi: Milli Məclisin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Murtuz Ələsgərov “Sabahımız, gələcəyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin yoludur” mövzusunda məruzəsində vurğuladı ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideyaları daim yaşayacaqdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderimizin ən böyük əsəri olan Azərbaycan Respublikasının daha da inkişaf edib möhkəmlənməsi üçün əzmlə fəaliyyət göstərir.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev bu il martın 11-də partiyanın İdarə heyətinin iclasında demişdir: “Mən çox şadam ki, xalqın dəstəyi ilə bir neçə ay ərzində ölkədə aparılan siyasət Azərbaycan xalqının mənafelərinə xidmət edib, əhali tərəfindən dəstəklənir. Bu siyasət Heydər Əliyev siyasətinin məntiqi nəticəsi və davamıdır. Başqa cür ola da bilməz”.
İlham Əliyevin bu sözləri və bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının sevimlisi etmiş, ömür yolu isə Vətənə xidmətinin parlaq nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixində müstəqilliyimizin memarı və qurucusu kimi silinməz iz qoymuşdur. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti, unudulmaz misilsiz insani keyfiyyətləri sayəsində o, bu gün qəhrəmanlıq əfsanəsinə çevrilmişdir.
Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olmuş, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil etmişdir. 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev respublikamızı qısa müddətdə inkişaf etdirdi, xalqımızın milli mənlik şüurunun oyanmasına təkan verən məqsədyönlü tədbirlər həyata keçirdi. O, keçmiş İttifaq rəhbərliyində çalışdığı illərdə də uzaqgörən bir siyasətçi kimi Azərbaycanın bütün sahələrdə daha da tərəqqisi üçün əlindən gələni əsirgəmədi.
X X X
Parlamentin sədri daha sonra dedi ki, 1990-cı illərin əvvəllərində ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan yenə çoxsaylı problemlərlə üzləşdi. Respublikanın o vaxtkı rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan ərazilərinin dalbadal işğalı, gündən-günə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu, vətəndaş müharibəsi təhlükəsi ölkəni uçurum kənarına gətirdi. Azərbaycanı belə dəhşətli vəziyyətdən Heydər Əliyev xilas etdi. O dövrdə Yeni Azərbaycan Partiyası artıq ilk addımlarını atırdı. Xalq əmin oldu ki, Azərbaycana nicat verə biləcək, onu doğru yola çıxaracaq möhtəşəm siyasi qüvvə artıq mövcuddur və bu qüvvəyə görkəmli dövlət xadimi Heydər Əliyev rəhbərlik edir. Azərbaycanın böhrandan xilas olmasını, dünya miqyasında tanınmasını bir sıra xarici və daxili qüvvələr qısqanclıqla qarşılayırdılar. Lakin artıq gec idi. İki dəfə dalbadal dövlət çevrilişi cəhdləri baş tutmamışdı. Azərbaycanın düşmənləri yaxşı başa düşürdülər ki, Heydər Əliyevin yaratdığı Azərbaycan dövlətini artıq heç bir qüvvə yox edə bilməz.
Heydər Əliyev ömrünün sonunadək Azərbaycanı yüksəltmək, inkişaf etdirmək naminə əlindən gələni əsirgəmədi. Bu gün ümummilli liderimizin yolunu onun siyasi məktəbinin layiqli davamçısı, artıq dünya miqyasında tanınmış siyasətçi İlham Əliyev ləyaqətlə davam etdirir. 2003-cü il oktyabrın 15-də tarixi bir seçim edən Azərbaycan xalqı bu şərəfli missiyanı İlham Əliyevə həvalə etməklə sabitliyə, tərəqqiyə və dünyaya inteqrasiyanın güclənməsinə bir daha tərəfdar oldu. İlham Əliyev Prezident seçilənə qədər böyük bir siyasi məktəb keçmiş, beynəlxalq qurumlarda, xüsusən Avropa Şurasında xalqımızın haqq səsini bütün dünyaya çatdırmışdır. Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini yüksək kürsüdən bütün dünyaya çatdıran İlham Əliyev Dağlıq Qarabağ problemi ilə bağlı bir çox sənədlərin yayılmasında böyük fədakarlıq göstərdi. Bir siyasi xadim kimi İlham Əliyevi ABŞ, Türkiyə, Rusiya, Fransa, İngiltərə, Almaniya, Yaponiya və dünyanın bir çox başqa ölkələrində də yaxşı tanıyır, yüksək qiymətləndirirlər. Bu dövlətlər ölkəmizlə əlaqələrini bundan sonra da inkişaf etdirəcəklərini bildirmişlər. Biz inanırıq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısının rəhbərliyi ilə ölkəmizin daha işıqlı və firavan gələcəyə qovuşacağı günlər uzaqda deyildir. Bizim bu günümüz də, sabahımız da xalqımızın ümummilli lideri Heydər Əliyevin ölməz adı, ölməz ideyaları ilə bağlıdır.
X X X
YAP sədrinin müavini, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli “Nəsillərə örnək şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edərək dedi ki, ayrı-ayrı peşələrdə çalışan istedadlı, görkəmli insanlar xalq, dövlət üçün bu və ya digər sahələrdə böyük işlər görə bilirlərsə, bütün sahələrdə misilsiz xidmətlər göstərmək yalnız və yalnız, sözün əsl mənasında, çox böyük dövlət adamlarına nəsib olur. Heç şübhəsiz ki, bu baxımdan Azərbaycan tarixində Heydər Əliyev yüksəkliyində dayanan ikinci şəxsiyyət yoxdur. Heydər Əliyev kiçik dövlətin rəhbəri olsa da, onun fəaliyyət göstərdiyi zaman, məkan daxilində gördüyü işlər bəzən ən nəhəng dövlət başçılarının belə qadir olmadığı əməllərdir. Təsadüfi deyil ki, keçən əsrin əvvəllərində dünyaya adi azərbaycanlı ailəsində göz açmış Heydər Əliyev illərdən sonra dünyanın ən nəhəng imperiyalarından sayılan Sovetlər Birliyinin rəhbərlərindən biri olmaq imkanına kimi yüksəlmişdi. Heç kimdə şübhə yoxdur ki, onun yüksəlişində yalnız bircə amil: öz ağlı, bacarığı, iradəsi, zəhmətsevərliyi, yüksək məsuliyyət hissi və bunlara bənzər əxlaqi keyfiyyətləri olmuşdur. Onun daxili aləmi o qədər zəngin, həyat prinsipləri o qədər aydın idi ki, uzun illər fəaliyyət göstərdiyi totalitar kommunist sistemində belə bəzən o sistemin tələbləri ilə uzlaşmayan məqsədlərinə də nail ola bilmişdi. Məlumdur ki, Heydər Əliyev çox gənc ikən SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında əmək fəaliyyətinə başlamış və orada general rütbəsinə kimi yüksəlmişdi. Bu, o ölkə və o dövr üçün, həqiqətən də, çox nadir hallardandır. Məhz buna görə də həmin illərdən söz düşəndə Heydər Əliyev daim qürurla deyirdi: “Mən KQB-nin generalı olmağımla fəxr edirəm!”. Bu sözü o tarixin səhnəsindən çıxmış Sovet İttifaqı Mərkəzi Komitəsi Siyasi Bürosu üzvü olması barədə də deyirdi. Çox düzgün, haqlı deyirdi. Çünki bu böyük insan, dahi şəxsiyyət harada çalışırdısa, qarşısına bircə məqsəd qoyurdu: insanlara, xalqına, Vətəninə sidq ürəklə, əzmlə xidmət etmək. O, bu məqsəd yolunda hər cür çətinliyə, lazım gələrsə, məhrumiyyətlərə belə qatlaşırdı. Gəlin etiraf edək ki, bu, yalnız və yalnız pak vicdanlı, xoş niyyətli, vətənpərvər, insanpərvər, yüksək peşəkarlıq qabiliyyətinə malik insana nəsib ola bilər.
Heydər Əliyev başdan-ayağa ləyaqət, məsuliyyət, həqiqət, dəyanət, qətiyyət, mədəniyyət, diqqət, səriştə, ağıl, mərdlik, cəsarət, peşəkarlıq, natiqlik, vətənpərvərlik, müdriklik, iradə, nikbinlik, inam, qayğıkeşlik, güc-qüvvə, mətanət, səmimiyyət təcəssümü idi. Onun bəzən xəfif, bəzən də şad təbəssümü daim çöhrəsinə nur verirdi. Daim xalqın, dövlətin fikrini çəkən Heydər Əliyevi çox nadir hallarda fikirli və daha nadir hallarda isə qəmli görmək olardı. Heydər Əliyev 2003-cü il aprelin 21-də də xalqdan təbəssümlə ayrıldı...
S. Təbrizli çıxışının sonunda vurğuladı ki, cismən itirdiyimiz o böyük şəxsiyyətin həm ruhunu, həm də qurduğu dövləti saxlayıb daha da gücləndirmək istəyiriksə, biz özümüzdə, xüsusən də böyüməkdə olan nəsildə məhz Heydər Əliyev əxlaqi keyfiyyətlərinin təcəssümünə can atmalıyıq. Bəzən mənliyini, simasını itirən, sərvət, dövlət, vəzifə, məqam üçün alçalan, sürünən, şəxsi marağını xalq, dövlət mənafeyindən üstün tutan, ən adi çətinliklər qarşısında əyilən, sınan, zəiflik göstərən, yalana, riyaya yol verən azərbaycanlıya ərklə demək istəyirsən: “Əyilmə, əzilmə, sınma, sıxılma, qəddini düzəlt, xalqına, millətinə bax, axı, bu millətin, xalqın Heydər Əliyev kimi oğlu var !!!”
Sonra əmək və əhalinin sosial müdafiəsi naziri, YAP sədrinin müavini Əli Nağıyev “Ümummilli lider və Yeni Azərbaycan Partiyası: Yolumuz haradan başlayıb və biz hara gedirik” mövzusunda məruzə ilə çıxış etdi. Nazir vurğuladı ki, Heydər Əliyev bu gün cismən bizimlə olmasa da, ruhən həmişə qəlbimizdə yaşayacaqdır. Heydər Əliyev bizə millət, Vətən sevgisini öyrədib getmişdir. Bu gün Azərbaycanda hansı səmtə baxsaq, Heydər Əliyevin fəaliyyətinin bəhrələrini görərik. Sadəcə olaraq, bunlara baxmaq yox, onları görüb duymaq lazımdır. Ona görə ki, Heydər Əliyev məhz, görməyi, duymağı bacaran şəxsiyyət idi. Şəxsiyyət dövlət üçün, millət üçün kimdir, nələr edir? Heydər Əliyev bunları bizə öyrətdi. Bu gün eyni dildə danışan çoxlu xalqlar var. Amma onların heç yadına düşmür ki, müstəqil olsunlar, dövlət qursunlar. Ona görə ki, millətə mənsub olan dəyərləri yoxdur. Müstəqil dövləti qurmaq, qorumaq üçün dəyərlər və bu dəyərlərdən yaranan ümumxalq sevgisi olmalıdır. Məhz Heydər Əliyevdə bu dəyərlərə olan böyük sevgi vardı və bir şəxsiyyət kimi özü də bunların zirvəsində duraraq xalqı öz arxasınca aparırdı.
Əli Tudə deyirdi: Xalq dastandır, şəxsiyyət o dastanın mayakı, xalq zirvədir, şəxsiyyət o zirvənin bayrağı.
Azərbaycan xalqının zirvəsində duran bayraq məhz Heydər Əliyevdir. Əgər bütün millət Heydər Əliyevin qoyduğu yolla getsə, Heydər Əliyevin öyrətdikləri ilə yaşasa, bizim böyük gələcəyimiz olacaqdır. Rusiya qəzetləri yazırdı ki, Heydər Əliyev yıxılanda da əzəmətli görsənirdi.
H.Cavid deyirdi: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli”. Bəli, Heydər Əliyev vəfatı ilə də xalqı dünyaya tanıtdı, xalqı zirvələrə qaldırdı.
Heydər Əliyevin ruhu qaşısında deyirəm. Əmin ola bilərsiniz, Sizin ideyalarınız yaşayır, Sizin qoyduğunuz yol Azərbaycanı nəzərdə tutduğunuz gələcəyə aparacaqdır. Bu xalq, Sizin varisiniz İlham Əliyevin ətrafında birləşərək, Azərbaycanın tərəqqisinə, Azərbaycan dövlətinin dünya birliyində öz yerini möhkəmlətməsinə xidmət edəcəkdir.
Sonra konfrans bölmə iclaslarında öz işini davam etdirdi.