Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatında mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Bakı, 30 mart (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təşkilatın sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 31 mart soyqırımı, onun miqyası və qurbanlarının sayı haqqında geniş məlumat vermişdir.
Bildirmişdir ki, təkcə ötən əsrdə Azərbaycanın əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüquqlarının pozulmasına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.
1918-ci ilin mart-aprel aylarında Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.
YAP Nizami rayon təşkilatının idarə heyətinin üzvləri faciənin nəticələrindən danışmışlar. Gənc nəslə bu soyqırımı haqqında dolğun məlumatların verilməsinin əhəmiyyəti, təbliğatın genişləndirilməsində orta və ali məktəb müəllimlərinin rolu xüsusilə vurğulanmışdır.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.