SİYASƏT
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti qardaş Türkiyədə səfərdədir
İzmir, 7 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir.
AZƏRTAC-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, səfər çərçivəsində YAP nümayəndə heyəti İzmirin Alsancak dəniz limanında Türkiyənin müdafiə sənayesinin yeni uğuru - “TCG Anadolu” SİHA gəmisini ziyarət edib.
Gəmi haqqında məlumat verilərək bildirilib ki, dünyada 12 ölkə bu miqyasda gəmiyə sahibdir. "TCG Anadolu"nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.
Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 PUA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 PUA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək potensiala malikdir.
Nümayəndə heyətinin üzvləri Türkiyə müdafiə sənayesinin növbəti uğurları - “Altay” milli tankı, “Bayraktar TB3”, “Kızılelma” SİHA-sı, “Hürjet”, “Hürkuş”, “ATAK” helikopterləri ilə də tanış olublar.
Nümayəndə heyətinin üzvləri sonra şəhər sakinləri ilə səmimi söhbət ediblər. Türkiyə vətəndaşları YAP-ın nümayəndə heyətini "Qarabağ Azərbaycandır!" şüarı ilə qarşılayıblar.
Bildirilib ki, Türkiyə-Azərbaycan birliyi dünyada və regionda böyük əhəmiyyətə malikdir. Bu gün Türkiyənin inkişafı və uğuru Azərbaycanın da inkişafı və uğurudur.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Malik Həsənov, Mahir Abbaszadə və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təmsil olunurlar.