CƏMİYYƏT
“YENİ AZƏRBAYCAN” QƏZETİ “EKOLOGİYA İLİ” ÇƏRÇİVƏSİNDƏ YENİ LAYİHƏNİN İCRASINA BAŞLAMIŞDIR
Bakı, 14 aprel (AZƏRTAC). “Yeni Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) maliyyə dəstəyi ilə “Ekologiya ili” çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına informasiya dəstəyi” layihəsinin icrasına başlamışdır.
Layihənin rəhbəri, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bütün dünyada ekoloji problemlərin həlli üçün çoxsaylı tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, ölkəmizdə nəinki təqvimin bir günü, bütöv bir il ekologiyanın problemlərinə həsr olunmuşdur. Bu baxımdan ölkəmizdə ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə diqqəti artırmaq üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi təqdirəlayiq haldır. Dövlətimizin başçısının bu addımı ilə Azərbaycan Yer kürəsində təbiətin xilas edilməsi üzrə çağırışa qoşulmuşdur.
H.Babaoğlunun sözlərinə görə, məqsəd ekoloji layihələrin icrası prosesində iştirak edən bütün subyektlər arasında qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması sahəsində informasiya-məlumat təminatının təşkil edilməsidir. Eyni zamanda, layihədə “Ekologiya ili” çərçivəsində dövlətimizin başçısının göstərişlərindən irəli gələn vəzifələrin həyata keçirilməsinə yardım göstərmək, tədbirlərin icrasının gedişi, əldə olunan nəticələr və problemlər barədə ictimaiyyətin informasiya ilə təmin etmək nəzərdə tutulmuşdur.
H.Babaoğlu qeyd etmişdir ki, layihənin icrası bu mövzu ətrafında məqalələr yazan mətbuat işçilərinin peşəkarlığının artırılmasına dəstək olacaqdır. Bundan başqa “Ekologiya ili” çərçivəsində dövlət başçısının göstərişlərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılacaq və araşdırmalar aparılacaqdır.
Qeyd edək ki, layihənin icrası zamanı konfransların təşkili, bukletlərin çap olunması və bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.