REGİONLAR
Yeni əkin materialları, müasir texnologiyalar və suvarma sistemləri bir arada FOTO VİDEO
Bakı, 30 noyabr, AZƏRTAC
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Şəmkir rayonunda təşkil edilib. Şəmkir Aqroparkın ərazisində keçirilən festivalda kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar nümayiş olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, festivalın açılış hissəsində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev, Şəmkir Aqroparkın rəhbəri Faiq Baxşıyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyətindən danışıblar.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, yeni üsullarla yetişdirilmiş meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və çox sayda digər kənd təsərrüfatı texnikaları nümayiş olunub.
Həmçinin mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib. Eyni zamanda, “Kənd təsərrüfatında sığortalanan bitki növləri”, “İntensiv yemləmənin təşkili”, “İstixanalarda ağıllı monitorinq sistemləri”, “Sahibkarlara dəstək mexanizmləri”, “Süd sağım sistemləri”, “Gübrələr” mövzularında təlimlər keçirilib.
Festivalın gündəliyinə uyğun olaraq aqroparkların, elmi-tədqiqat institutlarının və özəl şirkətlərin nümayəndələrinin birgə iştirakı ilə “Kənd təsərrüfatının innovativ yollarla inkişafı: Aqroparklar və əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Qeyd edək ki, aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində innovasiya festivalları keçirilir. Gəncə, Şəki, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunan bu festivallarda minlərlə fermer müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar ilə tanış olmaq imkanı əldə ediblər.