Yeni il şousu keçirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Milli Gimnastika Arenasında “Evdə tək” adlı Yeni il şousu keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, tamaşaçılara 27 il əvvəl ABŞ-da çəkilmiş filmin ssenarisi əsasında hazırlanmış əyləncəli tamaşa fərqli üslubda təqdim olunub. Filmi xatırladan dekorasiyalarla bəzədilmiş meydançada gimnastikanın yeddi növü üzrə yığma komandaların üzvləri əsl şou nümayiş etdiriblər.
Əyləncəli proqramda gimnast və məşqçilərlə yanaşı, xüsusi qonaqlar - məhdud imkanlı uşaqlar da yer alıblar. Məhz onların çıxışları ilə Yeni il tədbirinə start verilib. Əqli və fiziki imkanları məhdud uşaqlar üçün yenicə açılmış ilk gimnastika bölməsinin yetirmələri ilk dəfə tamaşaçı qarşısına çıxıblar.
Sonra tamaşanın balaca qəhrəmanının əhvalatları başlayıb. Kompozisiyada filmdə olduğu kimi, Gəncəyə istirahətə gedən ailənin evdə tək qalan balaca övladı - Kənan evə “basqın etməyə çalışan oğrular”la mübarizə aparır və gimnastika alətlərinin köməyi ilə onlara müxtəlif tələlər qurur. Yekunda isə onun köməyinə polislər çatırlar. Maraqlı musiqilər, rəngarəng işıq effektlərinin müşayiəti ilə davam edən şou xoşbəxt sonluqla bitir və Kənan ailəsinə qovuşur.
Ötən illərdə olduğu kimi, bu il də təşkil edilən Yeni il şousunun quruluşçu rejissoru bədii gimnastika üzrə yığma komandamızın baş məşqçisi Mariana Vasilyeva idi. Bütün heyətlə bərabər böyük əmək sərf edən və gərgin məşqlərin sayəsində ərsəyə gələn bu tamaşa gimnastika ailəsinin gücünü və birliyini bir daha tərənnüm edib.