İQTİSADİYYAT
Yeni stansiya ölkəmiz üçün mavi qazın ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq
![Yeni stansiya ölkəmiz üçün mavi qazın ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq](/files/2023/1/1200x630/16762786043947522884_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycanın 1280 MVt gücündə yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin həyata keçirilməsi ölkəmizin gücünü göstərən əsas amillərdəndir. Çünki Azərbaycan artıq enerji sahəsinə kifayət qədər ciddi sərmayə qoyuluşu həyata keçirib. Bütövlükdə bu istiqamətdə sərmayənin genişləndirilməsi həm də elektrik enerji istehsalının artmasına və elektrik enerji təminatının gücləndirilməsinə imkan verəcək. Həmçinin yeni stansiya Azərbaycanda enerji təminatı sisteminin daha da yaxşılaşdırılması və bütövlükdə bu sektorun inkişafı baxımından vacibdir. Çünki sərmayə həm də yeni iş yerlərinin yaradılması anlamına gəlir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.
Milli Məclisin deputatı bildirib ki, digər tərəfdən yeni İstilik Elektrik Stansiyasının istifadəyə verilməsi həm də mavi qaza olan tələbin azaldılması, ona qənaət edilməsi baxımından da əhəmiyyətlidir. Çünki bu, nəticə etibarilə mavi qaza qənaət və daha çox ixrac edilməsinə imkan verəcək. “Yeni İstilik Elektrik Stansiyası istifadəyə verildikdən sonra Azərbaycanda təxminən bir milyard kubmetrə yaxın mavi qaz qənaəti deməkdir. Nəzərə alsaq ki, Azərbaycanın illik istehlakı 13 milyard kubmetrdir. Elektrik stansiyalarının sayının artması mavi qaza tələbin azalmasına və nəticədə qənaətə gətirib çıxaracaq, həm də ölkəmiz üçün mavi qazın ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Həmçinin ixrac nəticəsində ölkəyə daha çox valyutanın daxil olmasına, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalşamasındakı rolunun artmasına imkan verəcək”, - deyən Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın geosiyasi mövqeyinin möhkəmləndirilməsi, ixrac imkanının çoxalması, Avropanın enerji təhlükəsizliyində rolunun artması, eyni zamanda, yeni iş yerlərinin yaradılması və daxildə elektrik təminatının gücləndirilməsi baxımından bu sərmayə əhəmiyyətli layihə kimi qiymətləndirilir.